Bakıda təsis edilən assosiasiya "Orqanik kənd" yaradacaq

Bakıda təsis edilən assosiasiya
"Ölkənin böyük bir qismi tamamilə orqanik təbii ərazi adlandırıla bilər"

Bakı Biznes Mərkəzində Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AOPE) media təqdimatı tədbiri keçirilib.

BakuCity.az xəbər verir ki, tədbirdə assosiasiyanın sədri Emin Əliyev, sədr müavini Dilavər Məmmədov və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) İxracın təşviqi deportamentinin direktoru Fərid Cəfərov iştirakçılara ictimai birliyin yaradılması və tədbirin keçirilməsi məqsədləri barədə məlumat veriblər.

E.Əliyevin sözlərinə görə, Azərbaycan təbiəti o qədər gözəl və zəngin imkanlara malikdir ki, burada təmiz məhsul istehsal etmək imkanları da kifayət qədər çoxdur:

“Assosiasiyanın yaradılmasında İqtisadiyyat Nazirliyinin, xüsusilə də AzPromo-nun müstəsna rolunu qeyd etməliyəm. Biz Azərbaycanda təbii məhsul istehsal edənlərin sayca çox olması barədə bilirdik, amma bu işə məhz o qədər ciddi yanaşıldığını, bu işə can qoymaq istəyən insanların bu qədər çox olduğunu düşünmürdük. Bu səbəbdən də sizləri burada görmək bizim üçün gələcək planlarımızın həyata keçirilməsi baxımından böyük stimuldur.

Birlik 21 iyun 2019-cu ildə təsis edilib. AzPromo və İqtisadiyyat Nazirliyi ilə birlikdə biz Azərbaycan Ədliyyə Nazirliyinə müraciət etdik və qısa bir müddətdə müraciətimiz müsbət cavablandırıldı. 2 avqust 2019-cu ildə dövlət qeydiyyatına alındıq və şəhadətnaməmizi götürdük. Ekoloji təmiz məhsul ideyası isə təxminən 8-9 il öncəyə dayanır. Son araşdırmalarımızdan məlumdur ki, ölkədə cəmi 10-a yaxın ekoloji təbii məhsul istehsalçısı və beynəlxalq sertifikat alan var. Digər təhlil və araşdırmalarımız isə göstərir ki, Azərbaycanda potensial böyükdür. Hətta ölkənin böyük bir qismi tamamilə orqanik təbii ərazi adlandırıla bilər. Bir sözlə, bu sahədə tərtib etdiyimiz ideyaların üzərində hazırda çalışırıq və ümid edirik ki, ölkə daxilindəki orqanik məhsul istehsalçıları ilə birlikdə mərhələli şəkildə reallaşdıra biləcəyik. “Orqanik kənd” deyilən bir layihə var ki, nümunələri bütün dünyada kifayət qədərdir. Biz bu layihəni ölkəmizdə də reallaşdırmağı düşünürük. Məqsədimiz hər bir potensial məhsul istehsalçısının yanında olmaqdır. Hazırda ictimai birliyin iki əsas məqsədi var: mövcud, sertifikat almış təşkilatlarla intensiv əməkdaşlıq və orqanik məhsul istehsal etmək potensialı olan istehsalçılarla əməkdaşlıq”.

F.Cəfərov öz növbəsində qeyd edib ki, orqanik məhsulların istehsalı və ixracı barədə hələ 2016-cı ildən planlar olub:

“Bu ilin ortalarında Emin Əliyevlə qərara gəldik ki, artıq assosiasiyanın yaradılmasının zamanı çatıb. AzPromo olaraq assosiasiyaya yaxından dəstək göstəririk. İnanırıq ki, ölkədə olan bütün orqanik məhsul istehsalçıları daxili və xarici bazarlarda məhz bu assosiasiyanın dəstəyi ilə uğur qazanacaqlar”.

Tədbirdə Kənd Təsərüfatı nazirliyinin əməkdaşı Ülvi Hidayətzadə, AMEA-nın əməkdaşı Vüqar Babayev, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov, mediya nümayəndələri və bu sahə ilə maraqlanan digər qonaqlar iştirak edib.

Qeyd edək ki, assosiasiyanın təsis edilməsində əsas məqsəd mövcud Azərbaycan məhsullarının xarici bazara çıxış imkanlarının yaradılması, o cümlədən ölkədə fəaliyyət göstərən hər bir orqanik məhsul istehsalçılarına beynəlxalq sertfikatların verilməsini təmin etməkdir.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Source: bakucity.az